Azərbaycan güləşçisi Elvira Mürsəlova Avropa çempionatının gümüş medalını qazanıb- YENİLƏNİB
03.04.2008 - 20:45
Azərbaycan güləşçisi Elvira Mürsəlova Avropa çempionatının gümüş medalını qazanıb- YENİLƏNİB
Tampere. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyində Azərbaycan 7 mümkün çəkidən 5-də təmsil olunur.

Bu gün döşək üzərinə çıxan güləşçilərimizdən Elvira Mürsəlova (59 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşdə polşalı Aqata Pietrjiklə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada həmyerlimiz qələbə qazanıb. Onun ¼ finalda rəqibi ukraynalı Nataliya Sinişin olub. Bu dəfə də qələbə qazanan E.Mürsəlova yarımfinalda mübarizə aparmaq hüququ qazanıb. Həmyerlimiz bu sınaqdan da üzüağ çıxıb. O, belaruslu Tatyana Boxanı məğlubiyyətə uğradaraq, Azərbaycanın qadın güləşi tarixində ilk dəfə finalda mübarizə aparmaq hüququ əldə edib. Lakin həlledici görüşdə Tereze İda Nerellə (İsveç) qarşılaşan pəhləvanımız uğurlu seriyasını davam etdirə bilməyib. Qarşılaşmanı məğlubiyyətlə başa vuran E.Mürsəlova ölkəmizə qadın güləşində ilk dəfə Avropa çempionatında gümüş medal qazandırıb.

Digər idmançımız Mariya Kaçina (67 kq) isə ilk görüşünü ¼ finalda avstriyalı Stefani Mayerhoferə qarşı keçirib. M.Kaçina qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb. O, növbəti qarşılaşmada Mariana Kvyatkovskaya rəqib olub. Lakin M.Kaçina E.Mürsəlovanın uğurunu təkrarlaya bilməyib. Həmyerlimiz məğlub olaraq, qızıl medal şansını itirib. Bürünc medal uğrunda görüşdə də Anna Belyayevaya (Belarus) uduzan M.Kaçina mükafatçılar sırasına düşə bilməyib.
0