Aslan Ağayev: “Görün nə günə qalmışıq ki, böyük tarixi ənənələrə malik Azərbaycan güləşi dağıstanlıların ümidinə qalıb”
03.04.2008 - 17:51
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının sabiq baş məşqçisi Aslan Ağayev deyib. Pəhləvanlarımızın Finlandiyanın Tampere şəhərində keçirilən qitə birinciliyində çıxışlarını dəyərləndirən A.Ağayevin sözlərinə görə, dağıstanlı legionerlər Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayevin əldə etdikləri bürünc medalların Azərbaycanda güləşin inkişafına heç bir köməyi olmayacaq: “Əksinə, öz idmançılarımız legionerlərin medal qazandığını gördükdən sonra həvəsdən düşəcək və idmandan uzaqlaşacaqlar. Rusiya telekanallarında deyirlər ki, vaxtilə eyni milli komandada çıxış etmiş idmançılar indi bir-birilərinə qarşı mübarizə aparırlar. Yəni, görün nə günə qalmışıq ki, böyük tarixi ənənələrə malik Azərbaycan güləşi dağıstanlıların ümidinə qalıb. Halbuki, güləşdiyim vaxtlarda rəqibim dağıstanlı olanda sevinirdim”. Finlandiyada bürünc medala sahib çıxan yeganə yerli idmançı Emin Əzizovun çıxışına gəlincə, sabiq baş məşqçi bunları deyib: “Emin hələ milli komandanı çalışdırdığım dövrdən beynəlxalq yarışlarda uğurla çıxış etməyə başlayıb. Onun bundan sonra da uğurlu nəticələrini davam etdirəcəyinə inanıram”. A.Ağayev millimizin dağıstanlı baş məşqçisi Maqomedxan Aratsilovun rəhbərliyi altında heç bir irəliləyişə nail olmadığını vurğulayıb. Onun sözlərinə görə, Güləş Federasiyası rəhbərliyinin yaratdığı şərait nəticəsində yığmamız müxtəlif təlim-məşq toplantılarına və beynəlxalq turnirlərə qatılıb. Bunların nəticəsi olaraq, millimiz qitə birinciliyində rekord sayda – dörd medal qazanıb: “Aratsilov güclü mütəxəssis olsaydı, Türkiyədən qovulmaz, əksinə orada saxlanılardı”. Sabiq baş məşqçi pəhləvanlarımızın daim uğurlu nəticələr göstərdiyi aşağı çəkilərdə – 55 və 60 kq-da bu dəfə medalsız qalmasına da münasibət bildirib. Onun fikrincə, qitə birinciliyinə yollanan heyətdə həmin çəkilərdə düzgün seçim aparılmayıb: “Fikrimcə, Abil İbrahimov 60 kq çəki dərəcəsində çıxış etməli, 55 kq-da isə yenə Namiq Abdullayevə şans verilməli idi. Lakin yanvarda keçirilən ölkə çempionatının nəticələrinə əsasən, belə qərar qəbul ediblər. Halbuki, həmin çempionat standart çəki dərəcələri üzrə keçirilməyib. Məsələn, 55 kq-dək çəki dərəcəsinə 1-2 kq yuxarı çəkili güləşçiləri buraxıblar. Ona görə də Abdullayev həmin vaxt özündən ağır İbrahimovla qarşılaşıb. Aşağı çəkilərdə güləşçinin çəkisi çox böyük önəm daşıyır. Bu səbəbdən, Abilə uduzan Namiq ölkə çempionu ola bilməyib. Mən yenə də Abdullayevi 55 kq-da ölkəmizin ən güclü pəhləvanı sayıram”.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0