Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub
05.04.2008 - 09:50
Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub
Tampere. Vüqar Xeyrullayev-APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığması 28 komanda arasında üçüncü yeri tutub. 35 xal toplayan komandamız Rusiya (56) və Ukraynadan (54) geri qalıb. Hələ ötən il Bakıdakı dünya çempionatında Pekin Olimpiadasına lisenziyanı təmin etmiş Mariya Stadnik (48 kq) qitə birinciliyində ölkəmizin ilk qızıl medalını qazanıb. Qadın güləşi tarixində bu ilk belə uğurdur. Güləşçimiz finalda fransalı Vanessa Bubriemi məğlub edib. Pekinə digər vəsiqənin sahibi Olesya Zamula (63 kq) uğursuz startdan sonra təsəlliverici görüşlərə qatılmaq şansı qazanıb. Onun bürünc medal uğrunda görüşdə ilk rəqibi bolqarıstanlı Elina Vaseva olub. Bu görüşü qələbə ilə başa vuran təmsilçimiz 3-cü yer uğrunda həlledici qarşılaşmada macarıstanlı Marianna Şastinə uduzaraq bürünc mükafatı əldən verib.
0