Maqomedxan Aratsilov: “Pekin olimpiadasında qızıl medal qazanmaq potensialımız var”
05.04.2008 - 11:18
Maqomedxan Aratsilov: “Pekin olimpiadasında qızıl medal qazanmaq potensialımız var”
Bu gün səhər saatlarında vətənə qayıdan milli komanda üzvləri Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıblar. Yığmanın dağıstanlı çalışdırıcısı nəticədən razı qaldığını bildirib: “Pekin olimpiadasınadək hələ 3-4 ay vaxtımız var. Daha güclü işləyib yaxşı hazırlaşacağıq. Tamperedə qızıl medal da qazana bilərdik. Lakin hakim haqsızlığı imkan vermədi. Güləş tarixində ilk dəfə hakimlər briqadasının cəzalanması da bizə edilən haqsızlığın sübutudur”.
Qitə birinciliyində bürünc medal qazanmaqla, Pekin olimpiadasına yollanmaq şansı əldə edən Emin Əzizov (66 kq) sevindiyini gizlətməyib: “Çempionat çox yüksək səviyyədə keçdi. Mənim üçün uğurlu oldu. Erməni güləşçi ilə görüş daha böyük məsuliyyət idi ki, ona da qalib gəldim. Federasiyaya, ilk məşqçilərimə və Aratsilova təşəkkür edirəm”.
Hakimlərin haqsızlığı ilə üzləşən Xetaq Qazyumov da bunun əvəzini növbəti uğurları ilə çıxacağını bildirib: “Mən bir nəfərlə mübarizə aparmırdım. Hakimlər briqadası da əks tərəfdə idi. Çox maraqlı mübarizə alındı. Təəssüf ki, qələbə qazanmaq üçün həm hakimləri, həm də rəqibi üstələməli olursan. Bunun üçün isə iki baş üstün olmalısan. Mən özümün də buraxdığım bəzi səhvləri də aradan qaldıracağam”.
Çamsulvara Çamsulvarayev isə Olimpiadaya böyük ümidlər bəslədiyini gizlətməyib: “Yüksək səviyyədə çıxış etdik. Hətta qızıl və gümüş mükafat da qazana bilərdik. Alınmadısa, qarşıdakı Olimpiya Oyunlarında daha yaxşı nəticə qazanarıq. İnanıram ki, Pekində hər şey yaxşı olacaq”.
0