Nazim Əlicanov: “Avropa çempionatında daha uğurlu nəticə göstərməyimizə psixoloji amillər mane oldu”
07.04.2008 - 12:00
Bakı. Elşən Məmmədov-APA-Sport. “Avropa çempionatında yığmamız daha yaxşı nəticə göstərə bilərdi. Amma psixoloji amillər üzündən bəzi güləşçilərimiz qələbəni əldən verdilər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın qadın güləşi üzrə yığma komandasının baş məşqçisi Nazim Əlicanov deyib. Onun sözlərinə görə, Finlandiyanın Tampere şəhərində başa çatan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında Mariya Stadniklə (48 kq) yanaşı, Elvira Mürsəlova (59 kq) da qızıl medal qazana bilərdi: “Elvira qitə birinciliyinin finalında uduzduğu isveçli idmançı Tereze İda Nerelli Ukraynanın paytaxtı Kiyevdə keçirilən ənənəvi beynəlxalq turnirdə ilk görüşdəcə məğlub etmişdi. Amma bu dəfə, görünür, ilk mötəbər yarışı olduğundan, həlledici qarşılaşmada məğlubiyyətlə üzləşdi. Medal qazanmayan qalan 3 güləşçimiz üçün də eyni sözləri demək olar”. Məqsədlərinin Pekin Olimpiadasına 4 mümkün vəsiqənin hamısını əldə etməkdən ibarət olduğunu deyən N.Əlicanov qitə birinciliyində 72 kq çəkidə lisenziya qazana bilməmələrinə belə aydınlıq gətirib: “Zümrüd Qurbanhacıyevanı məğlub edən almaniyalı Anita Şaetzl güclü rəqib idi. Təsadüfi deyil ki, son nəticədə bürünc medalla yanaşı, Olimpiadaya yeganə lisenziyanı qazandı. Biz Zümrüdü 16-17 mayda Kanadanın Edmonton, 31 may-1 iyunda isə İsveçin Haparanda şəhərində keçiriləcək Olimpiya lisenziyalı təsnifat turnirlərində də sınayacağıq. İnanıram ki, o, qarşıdakı turnirlərdə Pekinə vəsiqəyə sahib çıxa biləcək”. Baş məşqçi 72 kq çəkidəki digər təmsilçimiz Dina İvanovanı hələlik Olimpiya lisenziyalı yarışlara apara bilmədiklərini də açıqlayıb. O, bildirib ki, əvvəllər Latviya yığmasının şərəfini qorumuş D.İvanova millimizin heyətində mötəbər yarışlarda yalnız gələn ildən etibarən çıxış edə bilər: “Dinanı Olimpiya təsnifat turnirlərinə apara bilmərik. Çünki onun Latviya yığmasından ayrıldıqdan sonra başqa ölkənin şərəfini qoruması üçün lazım olan iki illik dövr hələ başa çatmayıb. Hələlik formasını saxlamasından ötrü İvanovanı Olimpiadaya lisenziya xarakteri daşımayan turnirlərdə sınayırıq”.
Qeyd edək ki, Avropa çempionatında bir qızıl, bir gümüş medal qazanan qadın yığmamız Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında bir qızıl, bir gümüş medal qazanan qadın yığmamız Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0