Arif Abdullayev: “Azərbaycanda ağır çəkili pəhləvan olmayıb”
30.04.2008 - 10:55
Bakı. Elşən Məmmədov-APA-Sport. Gənc sərbəst güləşçilər arasında Bakı İdman Sarayında başa çatan Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq turnirdə Azərbaycan yığma komandasının qazandığı 11 medaldan dördünün müəllifi rusiyalı legionerlər olub. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Arif Abdullayev məlumat verib. Onun sözlərinə görə, həmin idmançılar müxtəlif vaxtlarda komandamıza cəlb edilən Şərif Şərifov (84 kq), Xangerey Asyatilov (96 kq), Mixail Qazzayev və Murad Murtuzəliyevdir (hər ikisi 120 kq). İdmançılarımızın əldə etdiyi 3 qızıl və 2 gümüşdən hərəyə birinə müvafiq olaraq, Ş.Şərifov və M.Qazzayev, 6 bürüncdən ikisinə isə X.Asyatilovla M.Murtuzəliyev sahib çıxıb. A.Abdullayev yenə yuxarı çəkilərdə səviyyəli yerli idmançı tapıb üzə çıxarmaqda çətinliklə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, 84, 96 və 120 kq çəki dərəcələrində mükafatçılar sırasına düşən 4 pəhləvanımızdan yalnız biri – Səbuhi Məmmədov (96 kq) ölkəmizin güləş məktəbinin yetirməsidir. Baş məşqçi bildirib ki, yaxın gələcəkdə kişilərdən ibarət millimizin heyətində ağır çəkilərdə yenə legionerlərin xidmətindən istifadə olunacağı ehtimalları böyükdür: “Bizdə tarixən ağır çəkilərdə yerli pəhləvan olmayıb. Olanlar da zəif hazırlıqlıdırlar. Ona görə də xaricə üz tutmalı oluruq”.
0
0