Azərbaycan ağır atletika yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
30.04.2008 - 12:32
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ağırlıqqaldırma yığması Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, mayın 5-də start götürəcək hazırlıq prosesində 11 idmançı iştirak edəcək: “Əslində, təlim-məşq toplanışına Avropa çempionatında dərhal sonra, aprelin 25-də başlamaq istəyirdik. Lakin qeyri-müəyyən səbəbdən Gənclər və İdman Nazirliyi həmin tarixdə yığmanı Rusiyanı göndərə bilmədi. Nəticədə planda dəyişiklik edərək, təlim-məşq toplanışının vaxtını 10 gün təxirə saldıq”. Baş məşqçi bildirib ki, Moskvaya ikiqat dünya çempionu Nizami Paşayev də aparılacaq. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ikiillik diskvalifikasiyaya məruz qalan 26 yaşlı idmançının cəzası mayın 6-da başa çatacağından onun təlim-məşqdə iştirakına icazə veriləcək. Rusiya paytaxtında iki həftə qalacaq yığmamız mayın 19-da vətənə dönəcək.
0
0