Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ermənistanlı Levon Aronyanla heç-heçə edib
11.05.2008 - 10:39
Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ermənistanlı Levon Aronyanla heç-heçə edib
Bakı. Kənan Həsənov – APA-Sport. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən şahmat üzrə “M-Tel Masters” superturniri davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışdakı yeganə təmsilçimiz Teymur Rəcəbov hələ də qələbə qazana bilməyib. İlk iki turda müvafiq olaraq, ukraynalı Vasili İvançuka uduzan və çinli Bu Xianqzi ilə xalları yarı bölən həmyerlimiz, üçüncü oyunda da yarım xalla kifayətlənib. 21 yaşlı beynəlxalq qrossmeysterimiz bu dəfə ermənistanlı Levon Aronyanla heç-heçə edib. Hesabat turu çərçivəsində keçirilən digər oyunlarda, reytinq favorit Veselin Topalov (Bolqarıstan) həmyerlisi İvan Çeparinova qalib gəlib, B.Xianqzi isə V.İvançuka uduzub. Üç turdan sonra turnir cədvəlinə maksimum nəticə göstərən V.İvançuk başçılıq edir. V.Topalov 2, İ.Çeparinov 1,5, T.Rəcəbovla L.Aronyan 1, B.Xianqzi 0,5 xal toplayıb. Bu gün 4-cü tur çərçivəsində T.Rəcəbov - V.Topalov, V.İvançuk – İ.Çeparinov, B.Xianqzi - L.Aronyan arasında oyunlar keçiriləcək.
Qeyd edək ki, reqlamentə əsasən, 6 şahmatçı dairəvi sistemlə iki dövrədə mübarizə aparacaq. Üçüncü dəfə təşkil olunan və mayın 18-də başa çatacaq superturnirin baş hakiminin köməkçisi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur.
0