Futzal üzrə Azərbaycan kuboku uğrunda yarış start götürüb
15.05.2008 - 10:56
Futzal üzrə Azərbaycan kuboku uğrunda yarış start götürüb
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışa start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, iki mərhələdən ibarət olan turnirdə 8 komanda 2 qrupda dairəvi sistemlə mübarizə aparır. A qrupunda “Qarabağ veteranları”, “Karasu”, TT və “Ekol”, B qrupunda isə “İnteqral”, “Araz”, “Sumqayıt” və “Olimp” çıxış edirlər. “Sumqayıt” kubokun startına bir gün qalmış Futzal Federasiyası rəhbərliyinə müraciət edərək, turnirdə oynamaq istəyini bildirib. Nəticədə bu komanda öncə B qrupunda yer almış DST-ni əvəzləyib. İlk oyun günündə isə 2 matç baş tutub. “Qarabağ veteranları” “Ekol”a 4:1 hesabı ilə qalib gəlib. “Olimp” isə “İnteqral”ın qapısından 10 top keçirib. Rəqib buraxdığı qollardan yalnız birinin əvəzini çıxa bilib. Sabah keçiriləcək iki görüşlə birinci tura yekun vurulacaq. Dördqat ölkə çempionu, eyni zamanda son üç ildə ölkə kubokuna sahib çıxan “Araz” saat 17:30-da “Sumqayıt”la qarşılaşacaq. Bu oyundan dərhal sonra TT “Karasu”nu sınağa çəkəcək. Qrupda ilk iki yeri tutacaq kollektivlər yarımfinalda iştirak hüququna yiyələnəcəklər.
0