Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanın daha iki idmançısına lisenziya verə bilər
18.06.2008 - 12:02
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 23-də Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Almaniyanın Bonn şəhərində yerləşən mənzil-qərargahında XIII Pekin Yay Paralimpiya Oyunlarına həsr olunan iclas keçiriləcək. Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinin rəhbəri İlham Təhməzovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, iclasda Azərbaycanın da nümayəndəsi iştirak edəcək. Belə ki, toplantıya MPK-nın vitse-prezidenti Ziyadxan Kərimov qatılacaq. Yığıncaqda qarşıdakı paralimpiada ilə bağlı yekun hesabatlar dinləniləcək, lisenziya qazanmış idmançıların siyahısı açıqlanacaq. Ötən il müxtəlif təsnifat turnirlərində paralimpiyaçılarımız 19 lisenziyaya sahib çıxıblar. Ölkəmizin Pekində cüdo (7 lisenziya), atletika (7), pauerliftinq (3) və atıcılıq (2) növlərində təmsil olunacağı dəqiqdir. İ.Təhməzov bildirib ki, Bonnda baş tutacaq iclasda Azərbaycana əlavə iki lisenziyanın veriləcəyi istisna deyil. Əlavə vəsiqələrə normativləri yerinə yetirmiş bir atlet və bir kamandan oxatanımız namizəddir. Beynəlxalq Paralimpiya Komitəsinin toplantısı üç gün davam edəcək.
1
0