8 medal və yeni dünya rekordu
29.05.2013 - 09:13
 8 medal və yeni dünya rekordu
Türkiyə Quşadası şəhərində usta ağır atletlər arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, səfərə 10 veteran idmançı ilə yollanan Azərbaycan millisi vətənə 8 medalla dönüb. Bunlarda 4-ü qızıl, 2-si gümüş və 2-si bürünc olub.

Belə ki, həmyerlilərimizdən Səbinə Rzayeva (69 kq), Vladimir Jilyayev (85 kq), Akif Alıyev (56 kq) və Emil Əliyev (105 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xatirə Şahverdi (63 kq) və Aftandil Hümbətli (69 kq) ikinci yeri tutduqları halda, Teymur Əliquliyevlə (85 kq) Natiq Ağayev (105 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, 27 ölkədən 300-dən artıq atletin qatıldığı yarışda Jilyayev çempion olmaqla yanaşı, yeni dünya rekordu da müəyyənləşdirib. O, bu uğura birdən qaldırma hərəkətində 117 kq çəkinin öhdəsindən gəlməklə imza atıb.