İkisi birdən getdi
08.06.2013 - 09:15
İkisi birdən getdi
Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla oyunda qələbəni əldən verməklə yanaşı, 2 əsas futbolçusunu da itirib. Apasport.az saytının məlumatına görə, yığmamızın birdən-birə 2 hücumçusu – milliləşdirilən serbiyalı Branimir Subaşiçlə Vaqif Cavadov cəzalı duruma düşdüklərindən növbəti oyunu – sentyabrın 6-da İsraillə səfər matçında meydana çıxa bilməyəcəklər.

62-ci dəqiqədə meydana çıxan Subaşiç bundan 23 dəqiqə sonra qırmızı vərəqə aldığından, oynamayacağı məlum idi. Ancaq Vaqif 73-cü dəqiqədə sarı vərəqə aldı ki, bu da cari seçmə mərhələdə onun 2-ci cəzasıdır. Belə ki, mövsümlərarası fasilədə “Qarabağ”dan “İnter”ə keçən Cavadov ötən ilin oktyabrında Rusiya yığmasına Moskvada 0:1 hesabı ilə uduzduğumuz oyunun 37-ci dəqiqəsində sarı vərəqə almışdı.

Branimir isə 2007-ci ildən çıxış etdiyi millimizdə ilk dəfə qırmızı vərəqə alıb. İndi məsələ ondadır ki, “Qarabağ”la müqaviləsi bitərək klubsuz olan hücumçu 1 yox, ən azı 2 oyun cəzalı olacaq. Çünki Subaşiç kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Belə olan halda isə Nizam-İntizam Komitəsi futbolçuya ən azı 2 oyunluq cəza verir.

Əvəzində millimizin 2 hücumçusu sıraya qayıdır. Belə ki, 2 sarı vərəqə üzündən Lüksemburqla 1:1 hesabı ilə nəticələnən matçı buraxan “Qarabağ”ın oyunçusu Vüqar Nadirov artıq cəza müddətini başa vurub. “Bakı”nın hücumçusu Rauf Əliyev isə son rəsmi oyunumuz olan Portuqaliyaya Tofiq Bəhramov adına Respublika stadionunda matçda qırmızı vərəqə aldığından, cəzalı idi. Ancaq o da 2 “sarı”ya görə meydandan çıxarıldığından, 1 oyunluq kənarda qalmışdı və deməli, İsraildə meydana çıxa biləcək.

Qeyd edək ki, Lüksemburqla oyunun 74-cü dəqiqəsində sarı vərəqə alan “Neftçi”nin kapitanı Rəşad Sadiqov ilk dəfə cəzalanıb.