Avstraliya dünya çempionatına vəsiqə qazandı
18.06.2013 - 16:50
Avstraliya dünya çempionatına vəsiqə qazandı
Futbol üzrə Avstraliya milli komandası Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına vəsiqəni təmin edib. Lent.az-ın məlumatına görə, “yaşıl qitə” komandası ardıcıl 3-cü dəfə mundialda iştirak edəcək.

Bu dəfə Avstraliya millisi İraqı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci yerin sahibi kimi dünya çempionatında oynamaq hüququ qazanıb. Yeganə qolu 83-cü dəqiqədə Coşua Kennedi vurub. Daha öncə Yaponiya qrup lideri kimi mundiala vəsiqə əldə edib. Daha bir vəsiqə isə təşkilatçı ölkə - Braziliyaya məxsusdur.

Qeyd edək ki, bu gün daha bir ölkə dünya çempionatına vəsiqəni təmin edə bilər. Bu vəsiqələrə Cənubi Koreya, İran və ya Özbəkistan iddialıdır. Koreyalılar hazırda davam edən oyunda İrana evdə hətta 0:1 hesabı ilə uduzsalar, dünya çempionatına yollana biləcəklər. Amma həmin nəticə Özbəkistanı qane etməyəcək. “Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi yığma Qətəri evdə yenməlidir.

Asiya qitəsindən dünya çempionatına 4 ölkənin vəsiqəsi təmin olunur. Daha bir vəsiqə Şimali və Mərkəzi Amerikada 4-cü yeri tutan komanda ilə “pley-off” matçının qalibinə veriləcək.