Universiadada ağır atletika yarışlarına yekun vuruldu
12.07.2013 - 20:24
Universiadada ağır atletika yarışlarına yekun vuruldu
Rusiyanın Kazan şəhərində keçirilən XVII Yay Universiadasında ağır atletika yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün daha iki idmançımız körpücük üzərinə çıxaraq son çəki dərəcələrində qüvvələrini sınayıb.

Bunlar 94 kq-da Nailxan Nəbiyev və 105 kq-da debütantımız Aluda Manaqadzedir.

İlk olaraq Nailxan medal qazanmağa çalışıb. Təəssüf ki, gənc atletimizin startdaca uğursuzluqla üzləşib. Nailxan birdən qaldırmada ilk olaraq 160 kq sifariş verib. Bunu nə birinci, nə də ikinci yanaşmada qaldıra bilməyən Nəbiyev, 3-cü yanaşmada 163 kq-ı ram etməyə cəhd edib. Ancaq bu cəhd də uğursuz alınıb. Belədə, atletimiz yarışı sıfır nəticəylə başa vurmalı olub.

Milli komandamızın son üzvü Aluda Manaqadze isə birdən qaldırmada yaxşı çıxış edib. Əvvəlcə, 178 kq-ı ram edən atletimiz, ikinci yanaşmada 181 kq-ı başı üzərinə qaldıra bilib. Ancaq 3-cü cəhddə 185 kq-lıq ştanqı ram edə bilməyən Aluda, bu hərəkətdə 3-cü pillədə qərarlaşıb.

Təkanla qaldırma hərəkətinə Manaqadze 205 kq-dan başlayıb. Bu çəkini rahatlıqla qaldıran Aluda, ikinci yanaşmada 210 kq-ı uğurla ram edib. Amma 3-cü yanaşmada sifariş verdiyi 215 kq-ı qaldıra bilməyən atletimiz, bu hərəkətdə 5-ci yeri tutub.

Beləliklə, toplamda 391 kq (181 kq + 210 kq) nəticə göstərən Manaqadze milli komandamızdakı debüt yarışında yekun sıralamada 4-cü olub.