Azərbaycan yığması bunu ilk dəfə görəcək
17.08.2013 - 16:17
Azərbaycan yığması bunu ilk dəfə görəcək
AFFA-nın Azərbaycan milli komandasının son 2 rəsmi ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməməyi qərara almağı ilə statistikada ilk qeydə alınır. Apasport.az saytının məlumatına görə, millimiz 21 illik tarixində ilk dəfə bir seçmə mərhələdə mərkəzi arenamızdan kənarda 3 matç keçirəcək. Onların hər 3-ü “Bakcell Arena”da olacaq.

İyunun 7-də həmin stadionunda debütündə Lüksemburqla 1:1 hesablı bərabərliyə qalan yığmamız ardından orda Maltaya qalib gəlsə də, bu, yoldaşlıq görüşü idi. Yığmamız oktyabrın 11-də Şimali İrlandiya, 15-də Rusiyanı “Bakcell Areana”da qəbul edəcək.

Bunadək 2004-cü il Avropa çempionatının seçmə mərhələsində “Şəfa” stadionunda 2 rəsmi oyun olmuşdu. Bu, iyunda Serbiya və Çernoqoriyaya 2:1 hesabı ilə qalib gəldiyimiz, sentyabrda Finlandiyaya həmin hesabla uduzduğumuz matçlar idi. Bu, indiyə kimi sayda rekord idi.

Millimizin hazırkı baş məşqçisi Berti Foqtsun dövründə də Respublika stadionundan kənarda rəsmi oyun keçirmişik. Ancaq bu, hər seçmə mərhələdə 1 dəfə olub. Əvvəlcə 2009-cu ildə Finlandiyaya Lənkəranda 1:2 hesabı ilə uduzan yığmamız almaniyalı mütəxəssisin vaxtında bundan 2 il sonra – 2011-ci ilin oktyabrında “Dalğa Arena”da Avstriyaya böyük hesabla uduzub – 1:4.

Qeyd edək ki, yığmamız ilk rəsmi ev matçını FİFA və UEFA 1994-cü ildə ölkəmizdə oynamağa icazə vermədiyindən Trabzon şəhərində keçirməli olub. Həmin seçmə mərhələdə öz meydanımızdakı oyunlar “Avni Aker” stadionunda idi.