İsrail yığmasının düşərgəsində gecikmə
03.09.2013 - 08:31
İsrail yığmasının düşərgəsində gecikmə
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İsrail yığması sentyabrın 7-də baş tutacaq qarşılaşmanın hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Ramat-Qanda baş tutacaq oyun ərəfəsində ilk məşqdə rəqibimiz tam heyətlə hazırlıq keçə bilməyib.

Belə ki, baş məşqçi Eli Qutman 4 əsas futbolçusu olmadan məşq keçib. Buna oyunçuların ilk məşqə gecikməsi səbəb olub. Ölkə xaricində çıxış edən 4 legioner yığmanın düşərgəsinə vaxtında çatmayıb. Bunlar İspaniya “Malyorka”sında çıxış edən Dudu Avat, Belçika “Standard”ının üzvü Tal Ben Haim, Rusiya “Rubin”ində top qovan Bibras Natxo və Belçika “Brügge”sinin oyunçusu Lior Rafailovdur.

Qeyd edək ki, ilk məşqdən sonra Fransa “Valansyenn”inin yarımmüdafiəçisi Maor Meliksonun da durumuna aydınlıq gəlib. Orta sahə oyunçusu sentyabrın 7-dəki görüşə yalnız ağrıkəsici iynə vurulmaqla çıxa biləcək.