Rüfət Dadaşov: Hiss edirəm ki, yenə qol vuracam - MÜSAHİBƏ
03.09.2013 - 13:04
Rüfət Dadaşov: Hiss edirəm ki, yenə qol vuracam - MÜSAHİBƏ
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində İsraillə sentyabrın 7-də Ramat-Qanda baş tutacaq matça hazırlaşan millimizin hücumçusu Rüfət Dadaşovun apasport.az saytına müsahibəsi

- İsraillə oyun haqqında fikirlərini bilmək istərdik...
- Asan olmayacaq. Çünki İsrail millisində yaxşı futbolçular cəmləşib. Buna baxmayaraq, biz qələbə qazanmağa çalışacağıq.

- Rəqib haqqında hansısa məlumata maliksiniz?
- Bu komandanın bir neçə oyununa baxmışıq. Zəif deyil. Ancaq düşünürəm ki, Azərbaycan millisi də son vaxtlar pis təsir bağışlamır. Bu üzdən rəqiblə oynamaq gücündə olduğumuzu düşünürəm.

- İsrailli müdafiəçilərlə tez-tez qarşılaşacaqsınız. Onlara qarşı necə oynamaq lazım olduğunu öyrənmisiniz?
- Bu haqda heç nə düşünməmişəm. Çünki hər matç eyni olmur. Oyundan oyuna fərq var. Üstəlik, rəqibin heyətində çoxlu zədəli futbolçuların olduğunu bilirəm. Bu üzdən bizimlə görüşdə hər hansısa dəyişikliklərin ola biləcəyi istisna deyil.

- Yığmanın Malta ilə yoldaşlıq görüşündə 2 qol vurdunuz. Üstəlik, ötən tur “Kayzerslautern”in heyətində də fərqləndiniz. İsraillə oyun öncəsi bu amil sizə qol vurmaq üçün motivasiya verirmi?
- Təbii ki, bu amil məni İsraillə oyun qabağı həvəsləndirir. Yığma və klubda qol vurmağım yaxşı haldır. Bu hazırda yaxşı formada olduğumu göstərir. Ancaq İsraillə görüşdə kimin qol vurmasının fərqi yoxdur. Əsas odur ki, rəqib qapısına yol tapaq.

- Malta ilə oyundan sonra demişdiniz ki, qol vuracağınızı hiss etmişdiniz. Yenə belə bir hiss var?
- Bəli, bu hissi yaşayıram. Hiss edirəm ki, yenə qol vuracağam.

- “Kayzerslautern”in baş məşqçisi Franko Foda yığmada qol vurduqdan sonra sizinlə söhbət etdimi? Ümumiyyətlə, sizin əsas heyətə cəlb olunması yönündə danışığınız oldumu?
- Baş məşqçi ilə söhbətimiz olub. Ancaq hazırda klub karyeram haqqında danışmaq istəmirəm. Bütün fikrimi yığmanın qarşıdakı oyununa yönəltmişəm. Bu üzdən “Kayzerslautern” karyeramı hələlik bir kənara qoymuşam.

Səbuhi TOFİQOĞLU