“İsraildən 1 xalla dönmək yaxşı olardı”
03.09.2013 - 13:39
“İsraildən 1 xalla dönmək yaxşı olardı”
“Komandamızın son turda “Bakı”ya 0:3 hesabı ilə uduzması təbii ki, mənə pis təsir etdi. Bununla belə, yığmanın düşərgəsinə yaxşı əhval-ruhiyyədə qatılmışam. Klubdakı uğursuzluğu unudub, bütün fikrimi yığmanın oyununa yönəltmişəm”. Apasport.az saytının məlumatına görə, bunu millinin və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

Bu gün millinin “Bakcell Arena”da açıq məşqi olub.

Jurnalistlər önünə çıxan Abdullayev İsrail səfərindən minimum 1 xalla qayıtmaq istədiklərini bildirib: “Mən Kamran Ağayevin səfərdən qələbə dönmək istəyini başa düşürəm. Çünki heç kim istəmir ki, İsraildən əliboş qayıtsın. Heç olmasa 1 xalla geri dönmək yaxşı olardı”.

Sol, yoxsa sağ cinahda oynamağın rahat olacağı ilə bağlı verilən suala yarımmüdafiəçi belə cavab verib: “Mənim üçün hansı cinahda oynamaq elə də böyük önəm kəsb etmir. Millinin baş məşqçisi Berti Foqts məni hansı cinahda yoxlamaq istəsə, orda da əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.