Berti Foqtsun Ramat-Qan yubileyi
06.09.2013 - 11:05
Berti Foqtsun Ramat-Qan yubileyi
DÇ-2014-ün seçmə qrup mərhələsində İsraillə sabah keçiriləcək qarşılaşma Azərbaycan millisinin tarixinə 199-cu oyun kimi düşəcək. Apasport.az saytının məlumatına görə, yığmamız yarandığı 1992-ci ildən indiyə qədər 198 görüş keçirib. Bu matçlarda 36 qələbə qazanan yığmamız 52 dəfə heç-heçə ilə kifayətlənib. Millimizin məğlubiyyətlərini sayı isə daha çoxdur – 110.

Futbolçularımız millinin oyunlarında 140 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 342 topun buraxılmasına üzülüb.

Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərinsə 96-cı oyun olacaq. Avro-1996-nın 1994-cü il məhz indiki kimi sentyabrın 7-də baş tutan Rumıniya ilə səfər oyununda debüt edən komandamız 19 ildə 8 qələbə qazanıb. Hesabında 17 heç-heçəsi də olan millimiz 70 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısına 44 dəfə yol tapan futbolçularımız 212-ni buraxıb.

DÇ seçmə mərhələlərində isə 46-cı oyun ərəfəsində komandamızın 3 qələbəsi və 11 heç-heçəsi var. Yubiley – 15-ci məğlubiyyətsiz oyun üçün Ramat-Qan stadionuna çıxacaq komandamız 31 dəfə məğlub olub. Bu qarşılaşmalarda 15 top vuran millimiz qapısında 83-nü görüb.

İsraillə səfər oyunu 6 ildir yığmamıza rəhbərlik edən Berti Foqts üçün də əlamətdar olacaq. Almaniyalı yığmamızı 60-cı dəfə rəsmi matça çıxaracaq. Komandamız onun rəhbərliyi altında 13 qələbə qazanıb, 18 heç-heçə edib və 28 dəfə uduzub. Almaniyalı 48 qolun sevincini yaşayıbsa, 84 dəfə məyus olub. Əvvəlki 59 görüşün 32-si yoxlama matçı olubsa, 27-si seçmə xarakteri daşıyıb. Bu qarşılaşmalarda 3 qələbəsi olan millimizin 7 heç-heçəsi və 17 məğlubiyyəti var. Top fərqində isə də yığmamız geridədir - 17-49.

Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 8-ci oyununa çıxacaq. Bu il baş tutan 7 qarşılaşmada 2 qələbə, 4 heç-heçə və yalnız 1 məğlubiyyəti olan millimiz 6 qol vurub və 4-nü buraxıb. Martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzandan sonra komandamız ardıcıl 3 matçda uduzmur.