Millimizin start heyəti: Qovulan futbolçu ilk “11-lik”də!
07.09.2013 - 14:15
Millimizin start heyəti: Qovulan futbolçu ilk “11-lik”də!

2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində bu gün İsraillə qarşılaşacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Ramat-Qan şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmada qapını Kamran Ağayevə tapşıracaq.

Malta ilə avqustun 14-də baş tutmuş yoxlama oyunu ilə müqayisədə komandamızın müdafiə xətti dəyişikliyə məruz qalıb. Lakin bunu ötən matçda yükləmədən azad olan əsas heyət üzvlərinin geri qaytarılması adlandırmaq olar.

Belə ki, baş məşqçi Berti Foqts müdafiənin solunda “Xəzər Lənkəran”dan qovulan Elnur Allahverdiyev, sağında Mahir Şükürov, mərkəzində isə Rasim Ramaldanovla Rəşad Sadıqova güvənəcək. Hərçənd, maltalılarla qarşılaşmada Elnurla Rəşadı qoruyan mütəxəssis Ufuk Budakla Bədavi Hüseynova şans vermişdi.

Almaniyalı çalışdırıcı yarımmüdafiə xəttində də müəyyən dəyişikliklər edib. İsrailə aparılmayan Əfran İsmayılovun yoxluğunda sol cinah Cihan Özkaraya həvalə olunub. Malta ilə matçda bu mövqedə çıxış edən Araz Abdullayev isə indi sağda oynamalı olacaq.

Yarımmüdafiənin mərkəzi isə Rahid Əmirquliyevlə Ruslan Abışova tapşırılıb. “Xəzər Lənkəran”ın kapitanı son matçda bu mövqedə oynayan Qara Qarayevi əvəzləyib. Ön xətdə ötən ay baş tutan qarşılaşmada olduğu kimi, yenə Rauf Əliyevlə Rüfət Dadaşov çıxış edəcək.