İsraildə Azərbaycan və Rusiya ilə oyunlarla bağlı araşdırma başladı
15.09.2013 - 15:44
İsraildə Azərbaycan və Rusiya ilə oyunlarla bağlı araşdırma başladı
DÇ-2014-ün seçmə mərhələsinin son 2 oyununun nəticələri İsrail Futbol Assosiasiyasını araşdırmalara başlamağa vadar edib. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də Azərbaycan (1:1), 10-da isə Rusiya ilə (1:3) qarşılaşmalardan sonra qurum rəhbərliyində şübhələr yaranıb.
İsrail futbolunun başbilənləri zədə üzündən yığmaya qatılmayan bəzi futbolçuların özlərini yalandan xəsarət almış kimi göstərməsindən şübhələnir. Onların fikrincə, bəziləri millidə oynamamaq üçün özlərini rola qoyubmuş.
Bu üzdən də araşdırmalara start verən qurum baş məşqçi Eli Qutmandan zədəlilərlə bağlı hesabat tələb edib. Əsas diqqət mərkəzində olan isə Hayfa “Makkabi”sinin oyunçusu Taleb Tavatadır. Qarşıdakı həftə Avropa Liqasının qrup oyununa çıxacaq futbolçunun yığmaya qatılmamaq üçün özünü zədəli kimi qələmə verdiyi iddia edilir.
Assosiasiyanın günahını üzə çıxaracağı futbolçuların yığmada oynamasına qadağa qoyacağı gözlənilir.