Angelova medallarımızın sayını 4-ə çatdırdı - FOTO
24.09.2013 - 13:42
Angelova medallarımızın sayını 4-ə çatdırdı - FOTO
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında ağır atletlər də mübarizəyə qoşulublar. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu gün qadın idmançılarımızdan Silviya Angelova və Gülçin Əlizadə körpücük üzərinə çıxaraq qüvvələrini sınayıblar.

48 kq çəki dərəcəsində mübarizə aparan Angelova birdən qaldırma hərəkətində 73 kq, təkanla qaldırmada isə 90 kq-ı başı üzərinə qaldıra bilib. Toplamda 163 kq (73 kq+ 90 kq) nəticə göstərən atletimiz Oyunların gümüş medalına sahib çıxıb.

53 kq çəki dərəcəsində mübarizə aparan Əlizadə isə birdən qaldırmada 63 kq, təkanla qaldırmada isə 83 kq-ı ram edib. Toplamda 146 kq (63 kq + 83 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız, ümumi sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, bununla da millimizin İslamiadada qazandığı medalların sayı 4-ə çatıb. Silviyadan öncə karateçilərimiz - Rafael Ağayevlə (75 kq) Ayxan Mamayev (84 kq) qızıl, Şahin Atamov isə (+84 kq) gümüş medala yiyələnib.