Tallinndə üçüncü Avropa çempionluğu
27.09.2013 - 08:22
Tallinndə üçüncü Avropa çempionluğu
Estoniyanın paytaxtı Tallinndə 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi Azərbaycan millisi üçün başa çatıb. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın son üzvü – Nailxan Nəbiyev 20 yaşa qədər oğlanlar arasında 94 kq çəki dərəcəsində mübarizə aparıb. O, Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə 3-cü qızıl medalı yazdırıb.

Belə ki, Nailxan birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kq-ı ram edə bilməsə də, sonrakı cəhdində bu çəkinin öhdəsindən gəlib. Nəbiyev üçüncü yanaşmada 153 kq-lıq ştanqı da başı üzərinə qaldıraraq, bu hərəkətdə 2-ci olub.

Onun təkanla qaldırma hərəkəti daha uğurlu alınıb. Atletimiz əvvəlcə 186, sonra isə 190 kq-ı ram edərək, bütün rəqiblərini qabaqlayıb. Üçüncü yanaşmasında 202 kq-ı qaldıra bilməməsi də onun çempionluğuna mane olmayıb. Nailxan həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxıb.

Beləliklə, toplamda 343 kq (153 kq + 190 kq) nəticə göstərən Nailxan Nəbiyev Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, ondan öncə Yuri Dudoqlo (62 kq) və Elxan Əliqauluzadə (69 kq) də Azərbaycan himnini səsləndirmişdi.