Olimpiya mükafatçımız 2 “kiçik” bürünclə 4-cü oldu
23.10.2013 - 09:51
Olimpiya mükafatçımız 2 “kiçik” bürünclə 4-cü oldu
Polşanın Vrotslav şəhərində ağır atletika üzrə dünya çempionatı davam edir. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Kristina Yovunun (53 kq) gümüş medal qazanmasından sonra podiuma Valentin Xristov çıxıb.

62 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız birdənqaldırma hərəkətində hər 3 yanaşmasını uğurla bitirib. 19 yaşlı atleti əvvəlcə 136, daha sonra 139, sonda isə 141 kq-ı ram edərək bu hərəkətdə bürünc medala yiyələnib.

Təkanla qaldırma hərəkətinə Xristov 170 kq-la başlayıb və ilk cəhdini uğurla yerinə yetirib. Təəssüf ki, atletimiz sonra sifariş verdiyi 176 kq-ı növbəti 2 cəhddə ram edə bilməyib. Buna baxmayaraq, Valentin bu hərəkətdə də bürünc medal qazanıb.

Toplamda 311 kq (141 kq + 170 kq) nəticə göstərən milliləşdirilmiş legionerimiz iki “kiçik” bürünc medalla yanaşı, ümumi sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, bu çəkidə qalib adına çinli Liyun Çen layiq görülüb. O, təmsilçimizdən 10 kq çox qaldırıb – 321 kq (146 kq + 175 kq)