"Hava bir qədər isti idi və bu, istər-istəməz futbolçularımıza təsir göstərirdi. Buna baxmayaraq, meydanda böyük əzmkarlıq nümayiş etdirdilər və verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar".
Bu sözləri "Apasport"a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov deyib.
O, "Şimal"la matçı dəyərləndirib:
"Rəqibin boşluq tapan kimi bundan dərhal istifadə etdiyini təhlillərdə görürdük. Buna görə də həftə boyunca bu məqamları futbolçularımıza vurğulayırdıq. Onlar da oyuna maksimum ciddi hazırlaşdılar".
Məmmədov komandasının daha böyük hesabla qalib gələ biləcəyini də qeyd edib:
"Çoxlu qol epizodumuz oldu, amma təəssüf ki, hamısından yararlana bilmədik. Bir çox qol imkanını boşa verdik. Buna baxmayaraq, böyük hesablı qələbə qazandıq. Əsas olan qələbədir. Çempionluğa oynayan komanda bütün matçlara qələbə üçün çıxmalıdır. Bu oyunda da komandamız qələbə üçün meydana çıxdı və istəyinə çatdı".
Qeyd edək ki, görüş Qusar təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.