Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə gəlsə, hər şey dəyişəcək" - Müsahibə
11.10.2024 - 15:48
Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə  gəlsə, hər şey dəyişəcək" -  Müsahibə

“Neftçi”nin heyətində çempionluq yaşamış, hazırda isə İsrailin “Hapoel Hadera” klubunda oynayan Mamadu Mboc apasport.az saytına müsahibə verib.

- “Neftçi”nin çıxışını izləyirsən? Komanda ilk dövrədə 9 oyun keçirib və qələbə qazana bilməyib. Sizcə, onlar niyə qalib gələ bilmir?
- Əlbəttə ki, “Neftçi”nin bütün oyunlarını izləyirəm. Hazırda komanda çətin vəziyyətdədir. Ümid edirəm ki, Samir Abasov gəlsə, hər şey dəyişəcək.

- Elə dediyin kimi, namizədlər arasında Samir Abasovun da adı var. “Neftçi” onun rəhbərliyi altında sonuncu dəfə çempion olub. Sizcə, onu dəvət etmək komanda üçün yaxşı olar?
- Bəli. Məncə, Samir Abasov “Neftçi” üçün ən yaxşı seçimdir. Abasov komandaya hakimdir. O, "Neftçi"nin taleyini dəyişə bilər.

- Yeri gəlmişkən, 2020/2021 mövsümündə son turda “Qarabağ”ı məğlub edərək çempion olmuşdunuz. Maraqlıdır, həmin anları necə xatırlayırsınız? 
- Bu, qazandığım ən yaxşı çempionluqlardan biri idi. Çox emosional qələbə idi. Düzünü deyim, həmin mövsüm çempion ola biləcəyimizə inanmırdım. Amma sona qədər mübarizə apardıq və ölkə çempionu olduq. Həqiqətən də, çox inanılmaz anlar idi. 

- Maraqlıdır, son illərdə “Neftçi”yə və ya Azərbaycana qayıtmaq imkanı olub?
- Bəli, əvvələr belə bir şansım var idi. Amma həmin vaxtlarda müqaviləm var idi. Buna görə mümkün olmadı. İndi də Bakıya qayıda bilərəm. Mənə edilən təkliflərdən çox şey asılıdır. Ola bilər ki, qayıdım. 

- Hazırda İsrailin “Hapoel Hadera” klubunda oynayırsınız. Komanda yoldaşlarınız arasında bir müddət əvvəl “Səbail”də çıxış etmiş Yadin Luqasi “Qəbələ”nin sabiq üzvü - Ceyms Adeneyi və “Neftçi”də oynamış Qodsnvey Donyo var. Onlarla Azərbaycan futbolundan danışırsınız? 
- İndi “Hapoel Hadera”nın oyunlarına fokuslanmışıq. Mövsümə yaxşı başlamamışıq. Amma hər şey qaydasındadır, daha da yaxşı olacaq. Komanda yoldaşlarıma gəldikdə, bəli biz Azərbaycan Premyer Liqasından, “Neftçi”dən danışırıq. Bu barədə həmin futbolçularla tez-tez müzakirələr aparırıq.

0