Şahin Diniyev: “Sabah” artıq mümkün olanı edib”
09.09.2026 - 16:03
Şahin Diniyev: “Sabah” artıq mümkün olanı edib”

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Mançester Yunayted”lə keçirəcəyi oyunla bağlı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Apasport.az saytına müsahibə verib.

– “Sabah”ın “Mançester Yunayted”lə qarşılaşmasından nə gözləyirsiniz?
– Düşünürəm ki, “Sabah” artıq mümkün olanı edib. “Bayquşlar” hazırkı vəziyyətdə bu oyunlardan nəticədən daha çox zövq almalıdırlar. Belə atmosferdən həzz almaq lazımdır. Sadəcə, komandalar arasında böyük fərq var. “Mançester Yunayted” öz meydanında daha möhtəşəm çıxış edəcək. “Sabah”ın da bacardığı qədər müqavimət göstərəcəyini düşünürəm. Uğurlar arzulayıram.

– Belə oyunların “Sabah”ın daxili çempionat və kubokdakı çıxışına təsiri olacaq?
– Təbii ki, bu, qaçılmazdır. Belə oyunların komandaya müəyyən təsiri olacaq. Həm daxili çempionatda, həm də kubok matçlarında avrokuboklardakı yorğunluq öz sözünü deyəcək.

– “Mançester Yunayted”in Premyer Liqadakı xal itkilərinin “Sabah”la qarşılaşmaya təsir edəcəyini düşünürsünüz?
– Düşünürəm ki, olmayacaq. Çempionlar Liqası tamam başqa motivasiyadır. Burada hər komanda ən yüksək potensialını ortaya qoyur. Bunu ötən mövsüm “Qarabağ”ın timsalında da görmüşdük. Bu turnirdə komandalar daha istəkli çıxış edirlər. Ona görə də “qırmızı şeytanlar”ın “Sabah”la görüşdə çətinlik çəkəcəyini düşünmürəm.

– “Qarabağ”ın ötən mövsüm pley-off mərhələsinə yüksəlməsini nəzərə alsaq, “Sabah”ın da bu mərhələyə çatmaq şansını necə dəyərləndirirsiniz?
– Püşkatmada çıxan rəqiblər çox güclüdür. Bu cür komandalarla müqayisədə təmsilçimizin şansları azdır. Əlbəttə, sensasiya ola bilər. Lakin kağız üzərində bu, mümkünsüz görünür.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” matçı sentyabrın 10-da, saat 23:00-da başlayacaq.