Bakı Olimpiya Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 13 çəki dərəcəsi üzrə keçirilən yarışda 12 ölkənin 150 idmançısı mübarizə aparıb.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Fransa, Finlandiya, Rusiya, Qazaxıstan, Macarıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya və Latviya idmançıları güclərini sınayıb. Komandamız yarışda 5 qızıl, 1 gümüş və 8 bürünc medala sahib çıxıb.
Boksçularımızdan Malik Həsənov (48 kq), Ramazan Abdullayev (50 kq), Elton Məmmədov (52 kq), Pərviz Quliyev (63 kq), Şamil Səfərəliyev (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız Ozcan Kərimov finalda Rusiya boksçusuna məğlub olaraq, gümüş medala layiq görülüb. Rauf Mansurzadə (48 kq), Şamil Məmmədov (52 kq), Mahir Mahmudov (57 kq), Ayxan Tağızadə (60 kq), Cavid Məmmədov (66 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (70 kq) və Məhəmməd Abdullayev (+80 kq) bürünc medalla kifayətləniblər.
Ümumkomanda hesabında Azərbaycan 1-ci, Qazaxıstan 2-ci, Rusiya isə 3-cü yeri tutub.
Qeyd edək ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış sentyabrda Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib