Zaur İsmayılov: “Komanda hələ tam formalaşmayıb”
23.08.2026 - 23:52
Zaur İsmayılov: “Komanda hələ tam formalaşmayıb”

Misli Premyer Liqasının II turu çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Neftçi"yə 0:5 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matç haqda fikirlərini bildirib:

"Oyunun iki tamamilə fərqli hissəsini gördük. Ardıcıl buraxdığımız qollar oyuna təsir etdi. Futbolçular bundan sonra özlərinə gələ bilmədilər. İkinci hissə tamamilə fərqli oldu, amma yenə qol buraxdıq. Lazımsız top itkiləri etdik. Komanda hələ tam formalaşmayıb. Rəqibin heyətində də keyfiyyətli futbolçular var. Bilirdik ki, çətin olacaq. Onlar imkanlarından yararlandılar və bu, komandamızı sındırdı.Buna baxmayaraq, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsüm də məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".

- Bu gün ciddi bir rəqiblə mübarizədə 0:5 hesabı ilə uduzdunuz. Qarşıdakı matçlarda da çempionluğa oynayan komandalara qarşı oynayacaqsınız... 
- Transfer işlərimiz demək olar ki, başa çatıb, hazırkı heyətlə mübarizə aparacağıq. Qarşıda bizi çətin rəqiblər gözləyir. Komandanı maksimum səviyyədə hazırlamağa çalışacağıq. Lakin heyətin tam formalaşması üçün nə qədər vaxt lazım olacağını hələ demək çətindir.