TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
22.10.2026 - 10:48
TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB

Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçının məşqçilər korpusunu formalaşdırması zamanı gözlənilməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası 53 yaşlı mütəxəssisin köməkçisi kimi çalışmasını istədiyi məşqçilərdən birinin namizədliyini qəbul etməyib. 

Belə ki, Sergen Yalçının federasiyaya təqdim etdiyi məşqçilər korpusunda Ozan Köprülünün də adı yer alıb.

Lakin TFF onun daha əvvəl mərc oyunlarında iştiraka görə cəza almasını əsas gətirərək namizədliyinə veto qoyub.

Ozan Köprülü 2026-cı il yanvarın 16-da TFF-nin Peşəkar Futbol İntizam Komitəsi tərəfindən mərc oyunlarında iştiraka görə 12 aylıq futboldan kənarlaşdırılma cəzasına məruz qalıb.

Qeyd edək ki, Sergen Yalçının Türkiyə millisindəki məşqçilər korpusunda Murat Kaytaz, Niyazi Eniseler, Erol Ayçiçek, Emre Gürbüz və Tarık Yiğit Egeli kimi mütəxəssislərin də yer alması nəzərdə tutulur. 53 yaşlı baş məşqçi onların hamısı ilə daha əvvəl “Beşiktaş”da çalışıb.