"Sabah" basketbol komandası yoxlama matçı keçirib.
Apasport.az xəbər verir ki, "bayquşlar" "Astana"nı məğlub edib - 94:83.
Oyundan sonra Bakı təmsilçisinin baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib:
"Müntəzəm mövsümü ilk sırada bitirdiyimizdən digər klublara nisbətən bir qədər çox istirahət etmək imkanımız yaranır. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən basketbolçular oyun ritmini itirə bilərlər. Bu səbəbdən də yaranmış fasilə zamanı Qazaxıstanın "Astana" klubu ilə yoxlama oyunları keçirməyi qərara aldıq. Düşünürəm ki, bu matçlar pley-off öncəsi faydalı oldu.
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində ilk oyunumuzun tarixi müəyyənləşdən sonra buna uyğun hazırlıq planı tərtib edəcəyik. Ümumi götürsək, oyun keyfiyyətindən razı qaldım. Bəzi basketbolçularımızın mikrozədələri var idi. Bu səbəbdən onların xidmətindən yararlanmadıq. Hər il olduğu kimi, bu mövsüm də Azərbaycan çempionu titulunu qorumaq uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, komandalar arasında aprelin 4-də keçirilən ilk matçda "Astana" 110:102 hesablı qələbə qazanıb.