Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/4 finala yüksəlib.
Apasport.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov Niderland təmsilçisi Steyn Oldenhofa ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanan ilk azərbaycanlı cüdoçu olub.
100 kq-da çıxış edən Davud Namazlı da Özbəkistan təmsilçisi Muxammadobid Maxmarayimovu ipponla məğlub edərək eyni mərhələyə yüksəlib. O, bundan əvvəl 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova qalib gəlib.
90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq yarışla vidalaşıb. Eyni çəkidə çıxış edən Aslan Kotsoyev əvvəlcə Dilşod Naşirovu məğlub etsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə yenilib.
100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı üstələyərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb.
Beləliklə, Davud Namazlı və Ramazan Əhmədov mundialda mübarizəni davam etdirirlər.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.