İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
13.11.2025 - 15:00
İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "

“Ümumiyyətlə təşkilatçılıqla bağlı danışsaq, deyə bilərəm ki, hər şey media standartlarına uyğun şəkildə hazırlanıb və davam etdirilir”. 

Bunu Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşına İslamiadanın media əməliyyatları üzrə məsləhətçisi Pirim Pirimov deyib.

Yarış rəsmisi turnirin təşkilatında 20-yə yaxın azərbaycanlının çalışdığını vurğulayıb: 

“Hər bir obyektə media mərkəzi yerləşdirilib. Burada həm qidalanma və qalma şəraiti, həm də media üçün tribunalar və miks zonalar təşkil olunub. Həmçinin media nümayəndələrinin yarışlara cəlb olunması üçün ayrıca nəqliyyat vasitələri ayrılıb.

Hələ ki, ciddi qüsur və ya yanlışlığa rast gəlinməyib. İstəyimiz odur ki, media nümayəndələri yarış müddətində hər şeydən razı qalsınlar və onlara hər hansı problem yaranmasın".

Pirim Pirimov hazırkı yarışın Azərbaycanda keçirilən turnirlərlə böyük fərqi olmadığını bildirib:

"Təbii ki, Azərbaycanda təşkil olunan hər bir yarış yüksək səviyyədə keçirilir. Burada da çalışdıq ki, Azərbaycanda olan standartları Ər-Riyadda qoruyub saxlayaq.

Hazırda təşkilat komitəsində 20-yə yaxın həmvətənimiz çalışır. Bu bizim üçün xüsusi bir qürur mənbəyidir. Xaricilərin artıq bizim işçilərimizə ehtiyac duyması və onlarla birgə işləməyə səy göstərməsi inkişafımızın daha bir göstəricisidir. Əvvəllər biz xarici dövlətlərdən peşəkar işçi heyətini dünya səviyyəli yarışların keçirilməsi üçün cəlb edirdiksə, hazırda həmin dövlətlər bizim personalımızı mühüm tədbirlər üçün çağırır.

Hər zaman hansısa bir soydaşımız qalib gələndə mənə deyirlər ki, “Yenə sizinkilər qələbə qazandı” (gülür). Əsasən döyüş növlərində üstünlüyümüz var. İnşallah ki, bizim idmançılar daha da yaxşı nəticələr əldə edəcəklər”.