Vyetnamın Dananq şəhərində çimərlik güləşi mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, həftəsonu keçirilən Dünya Seriyasının ilk mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 4 güləşçi təmsil edib.
Millimiz Vyetnamdan 1 dəst medalla qayıdır.
Əşrəf Aşırovun (90 kq) çimərlik güləşində debütü uğurlu alınıb. Qrup mərhələsində maksimum nəticə göstərən həmyerlimiz yarımfinalda yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə 3:1 hesabıyla qalib gələrək çempion olub.
Sahib Dadaşov (80 kq) qrup 2-cisi kimi yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda fransalı Huqo Kuenoya şans tanımayıb – 3:0. Finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) məğlub olan Dadaşov gümüş medalı boynundan asıb.
Rübail İbrahimli (70 kq) də qrup ikincisi kimi adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında rusiyalı Konstantin Topşinoyevə 0:1 hesabıyla məğlub olsa da, fransalı Kuentin Stikeri (2:1) üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Dörd çəkidən üçündə təmsil olunan millimiz 60 xal toplayaraq, komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65) sonra 3-cü yeri tutub.
- Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
- Yunan-Roma güləşində ilk çempionlar müəyyənləşib
- Dörd çimərlik güləşçimiz Batumidə Dünya Seriyasına uğurla start verib
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib