Güləşçilərimiz yeniyetmə və gənclərə master-klass keçiblər
28.10.2025 - 21:23
Güləşçilərimiz yeniyetmə və gənclərə master-klass keçiblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi III Zəfər İdman Festivalı çərçivəsində ustad dərsi baş tutub.

Apasport.az xəbər verir ki, AzMİU İdman klubunda sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli yeniyetmə və gənc güləşçilər üçün master-klass keçib.

Nəzəri hissədə Hacı Əliyev güləşdə qazandığı uğurlardan və bu uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb.

Praktiki hissədə isə Eldəniz Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilərimiz bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.

Tədbirin sonunda isə tanınmış idmançılarımız tələbələrin müxtəlif suallarını cavablandırıb.