[b]“İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq” - Cavid Qurbanov [/b]
11.07.2018 - 17:39
[b]“İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq” - Cavid Qurbanov
[/b]

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov dünya çempionatının hazırlıqlarına başlayan qadınlardan ibarət millimizin üzvləri ilə görüşüb. Apasport.az Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzinin iclas zalında baş tutan görüşdə əsas yığma ilə yanaşı, ikinci heyətin üzvləri və qurum rəsmiləri də iştirak edib.

 

AVF rəhbəri voleybolçuların problemləri ilə maraqlanıb. O bildirib ki, dünya çempionatı öncəsi kollektivdə əhval-ruhiyyə yüksək olmalıdı və komandamız mundailda özünü yaxşı tərəfdən göstərməlidi: "Yığmamızı qarşıda dünya çempionatı gözləyir. Sentyabrın 29-dan oktyabrın 20-dək voleybol dünyasının ürəyi Yaponiyada döyünəcək. Düzdü, Avropa çempionatında medalçılar sırasına düşə bilmədik. Bunu mən bir qədər şanssızlıq adlandırardım. Amma ümid edirəm ki, komanda mundialda özünü yaxşı tərəfdən göstərəcək".

 

Qurbanov millimizin Qızıl Avropa Liqasında çıxışını da dəyərləndirib. O vurğulayıb ki, bu yarış gənclərimizin inkişafda olduğunu ortaya qoyub: "Qızıl Avropa Liqasında gənclərə güvəndik. Polina Rəhimova, Valeriya Məmmədova və başqa təcrübəli voleybolçularımız heyətdə yer almasalar da, gənclər özlərini doğrultdu. Bəziləri yığmada ilk matçlarına çıxsalar belə, oyunlarından razı qaldım, inkişafdadılar. Bunlar məni sevindirir. İnanıram ki, qarşıdakı yarışlarda daha güclü olacağıq və lazımı nəticəni qazanacağıq".

 

Qeyd edək ki, yığmamız iyulun 9-dan bir araya gəlib. İlk 3 gündə tibbi müayinədən keçən voleybolçularımız sabahdan fiziki hazırlığa başlayacaq. Komandamız iyulun ortalarında isə Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.

 

0