Serbiya millisinin və Bakının “Azəryol” klubunun voleybolçusu Yovana Brakoçeviçin apasport.az saytına müsahibəsi
- Serbiya, Çin, Yaponiya və Türkiyə çempionatlarından sonra Azərbaycan Super Liqasında oynayırsız. Bu birincilikləri necə fərqləndirərdiz?
- Fikrimcə, Azərbaycanda oynamaq çox çətindi. Çünki burada 5 komanda bir-biri ilə 4 dəfə qarşılaşır və bu səbəbdən bir matçdan sonra rəqibini daha yaxşı öyrənirsən. Son çıxış etdiyim Türkiyə çempionatından əsas fərqi budu. Görüşlər də kifayət qədər gərgin və maraqlı keçir.
- “Azəryol”a böyük ümidlərlə transfer olunmusuz. Buradakı çıxışınızı özünüz necə qiymətləndirirsiz?
- Fikrimcə, bu il karyeram enişli-yüksəlişli oldu. Mövsümün böyük hissəni tam formada oynaya, stabil çıxış edə bilmədim. Amma oyunumun nə dərəcədə alınıb-alınmamağını məşqçilər korpusu daha yaxşı bilər.
- Azərbaycan haqda fikirləriniz maraqlıdı. Ölkəmiz sizdə hansı təəssüratlar yaradıb?
- Qonaqpərvərsiz. Burada darıxdırıcı nəsə yoxdu. Həm qədimi, həm müasir tikililər zövq oxşayır.
- Bakı klubuna transfer olunduqdan qısa müddət sonra İstanbulu möhtəşəm şəhər adlandırmışdız. Paytaxtımız necə, sevdiyiniz şəhər sırasına daxil ola bilibmi və bu 2 şəhər arasında hansı fərqlər var?
- İstanbulda 18, Bakıda 2 milyon əhali yaşayır. Yəni, türk şəhəri paytaxtınızla müqayisədə çox izdihamlıdı. Azərbaycan paytaxtında nəqliyyat da azdı və tıxaclar bir oradakı qədər olmur. Mən də buna üstünlük verirəm. Bakıda boş vaxtını da səmərəli keçirmək olur. İstanbulda nə isə bəzən şəhərin bu başından digər başına yollanmalı olursan. Fikrimcə, Bakı kiçik şəhər olsa da, darıxdırıcı deyil.
- Təxminən 6 aya yaxındı Azərbaycandasız. Bakıdan kənara - regionlarımıza səfər edə bilmisizmi?
- Təəssüf ki, Bakıdan başqa yerdə olmamışam. Çünki gündəlik məşqlərimiz var. Regionlara səfərə getməyə vaxtımız olmayıb.
- Bəs paytaxtımızın tarixi yerlərini gəzib, Azərbaycan barədə hansısa geniş məlumatları toplamağa necə, vaxt tapmısızmı?
- İçərişəhərə getmişəm və burada yer alan muzeyləri gəzmişəm. Burada tarixiniz, mədəniyyətinizlə tanış olmuşam.
- “Azəryol”dan öncə formasını geyindiyiniz “Vakıfbank” güclü azarkeş ordusuna malik idi. Burada fanatlarınız kifayət qədər olsa da, qarşılaşmalarda arena dolmur. Oyununuza bu amil təsir edirmi?
- Bunun oyuna böyük əhəmiyyəti var. Çünki sənə qarşı kimsə qışqıranda və ya dəstək olanda bu oyununa təsir edir. Gələcəkdə Super Liqanın da bütün oyunlarına çoxsaylı azarkeşlər gələcək. Amma “Azəryol”dakı çıxışıma azarkeş amilinin təsiri olmayıb. Çünki stabil oynamasam da, bacardığımı meydanda qoymuşam.
- Çempionlar Liqasında “Dördlər finalı”na yüksələ bilməsəz də, Super Liqada pley-offda oynayacaqsız. Komandanız avrokuboku ölkə çempionatında sığortalaya biləcəkmi?
- Məqsədimiz də budu. Çempionlar Liqasında bir az da bəxtimiz gətirmədi. Güclü komandamız var və digər klublar kimi bizim də həlledici mərhələdə şanslarımız yüksəkdi. Pley-off öncəsi çox çalışırıq. İlə uğurla yekun vurmaq istəyirik.
- Mövsüm sona yaxınlaşdıqca, Serbiya mətbuatı sizi müxtəlif ölkələrə “göndərir”. Kimi Fransaya, kimi Türkiyəyə və s. Bu nə dərəcədə doğrudu?
- Serbiya mətbuatı məni çox yerə “göndərir”. Amma konkret nəsə yoxdu. Hamısı boş söhbətlərdi.
- Bəs karyeranızı “Azəryol”da davam etdirmək variantınız yoxdu?
- Bununla menecerim məşğul olur. Bu barədə konkret nəsə deyə bilmərəm.
- Bakı I Avropa Oyunlarına ev sahibliyi edəcək və şərəfini qoruduğunuz Serbiya yığması da burada mübarizə aparacaq. Bu yarış sizə nə dərəcədə əhəmiyyətlidi və hədəfiniz nə olacaq?
- Serbiya millisinin hər bir üzvü bunu səbrsizliklə gözləyir. Avropa Oyunlarına kifayət qədər güclü yığmalar gələcək. Düzdü, hər milli kimi bizim də komandamızda eniş və yüksəliş olur. Lakin yarışda ən yaxşı oyunlarımızı göstərməyə çalışacağıq.
- Aprelin 4-5-də Polşanın Şetsen şəhərində Çempionlar Liqasının “Dördlər finalı” keçiriləcək. Burada analoji yarışı heyətində qazandığınız “Vakıfbank”la yanaşı, “Əczaçıbaşı”, “Ximik” və “Yamamay” qitənin ən güclüsünün adına aydınlıq gətirəcək. Sabiq klubunuzun şanslarını necə qiymətləndirirsiz və favoritiniz kimdi?
- “Vakıfbank”ın da digər 3 komanda kimi şansı yüksəkdi. Lakin sabiq klubum onlardan fərqli, çox çalışqandı. Komandanın Covanni Quidetti kimi əla məşqçisi var. Həmçinin, “Vakıfbank”da yeni nəsil yetişib və onlar komandaya çox kömək edirlər. İnanıram ki, klub həlledici mərhələdə də özünü yaxşı tərəfdən göstərə biləcək.