Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” və “USA Knckouts” klublarının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin baş məşqçisi Nuripaşa Talibov amerikalılarla görüşdə yalnız qələbə haqda düşündüklərini deyib.
Onun sözlərinə görə, azarkeşləri sabah maraqlı görüş gözləyir: “Təəssüf ki, superağır çəki dərəcəsində görüş baş tutmayacaq. Amerika komandasının bu çəkidə hər iki idmançısı zədəli olduğundan onlar 4 boksçu ilə gəliblər. Bildiyiniz kimi, boksda azarkeşlər üçün də ən maraqlı döyüşlər ağır çəkilərdə olur. Bununla belə, digər 4 qarşılaşmanın maraqlı olacağını düşünürəm”.
ABŞ klubunun baş meneceri Bleyk Baldi komandasının son turlarda uğursuz çıxış etməsinə aydınlıq gətirib: “Biz mövsümə çox yaxşı başlamışdıq. Bir ara qrupda 2-ci yeri tuturduq. Ancaq uşaqlar bu ağır tempə davam gətirə bilmirlər. Hər həftə görüşlər olur. Zədələnən boksçularımız oldu. Bu səbəbdən də ardıcıl son 3 görüşdə uduzduq. Ancaq sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, ABŞ-da peşəkar boks daha populyardı. Buna görə də biz daha çox gənc idmançılarla işləməli oluruq. Amma deməzdim ki, peşəkar boksun kölgəsində qalmışıq”.
Komandamızın baş məşqçisi gələn həftə Bakıda start götürəcək “Böyük İpək Yolu” turnirində 4 boksçularının iştirak edəcəyini söyləyib. Azərbaycan milli komandasının heyətində Cavid Dadaşov (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq) və Zaur Abdullayev (64 kq) çıxış edəcək.
Nuripaşa Talibov pley-off mərhələsi barədə də fikirlərini bildirib: “Biz demək olar ki, növbəti mərhələyə vəsiqə məsələsini həll etmişik. Qrupda 2-ci yeri tutsaq, A qrupunda 3-cü olan komanda ilə qarşılaşa bilərik. Digər qrupda Meksika və ya Ukrayna klublarından biri 3-cü yeri tutacaq. İstərdim Avropa təmsilçisi ilə qarşılaşaq. Çünki bu mövsüm ABŞ, Argentina, Venesuela kimi uzaq ölkələrə getdik. Bu adamı çox yorur. Ustalıq səviyyəsi baxımından isə Meksika və Ukrayna komandası bərabər olar. İndi məqsəd boksçularımızın reytinqlərini yaxşılaşdırıb, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmalarıdı. Hazırkı durumda Məhəmməd Qurbanov (65 kq), Albert Səlimov (60 kq) və Heybətulla Hacıəliyin (64 kq) şansları böyükdü. 69 kq-da çıxış edən Pərviz Bağırova gəlincə, o gərək bundan sonra bütün döyüşlərdə qalib gəlsin”.
Qeyd edək ki, rəqib boksçu Kam Avesome zədə səbəbindən Bakıya gəlmədiyindən “Baku Fires” artıq 1:0 hesabı ilə öndədi.