“Rabitə” finalda uduzsa...
09.04.2015 - 09:35
“Rabitə” finalda uduzsa...

Qadın voleybolçular arasında Azərbaycan çempionatında “Lokomotiv” 4-cü medalını təmin edib. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsində “Azəryol”u məğlub etməklə finala yüksələn “dəmiryolçular” ən azı gümüş medala sahib olacaqlar.

 

Əsası 2008-ci ildə qoyulan, Super Liqa tarixində 2 gümüş və 1 bürünc medal qazanan “Lokomotiv” həlledici dueldə “Rabitə”yə qalib gəlsə, yarışın dəyişməz çempionunun hegemonluğuna son qoyacaq, məğlub olarsa, 3-cü “gümüş”ünü əldə edəcək.

 

Bununla, Bakı təmsilçisi 2 mövsümlük uğursuzluğa son qoyub.

 

Belə ki, 2012-ci ildə qazanılan ikincilikdən sonra “Lokomotiv” mükafatçılar sırasına düşə bilmirdi. 2010-cu ildə də eyni əyarlı medal qazanan “dəmiryolçular”ın hesabında 6 il öncə qazanılan “bürünc” də var.

 

3-cü yer uğrunda “Azərreyl”lə oynayacaq “Azəryol” isə tarixində ilk dəfə bürünc medal qazana bilər. Hamıdan çox – 4 dəfə ikinci yerin sahibi olan bakılılar digər 2 çempionatda “üçlük”dən kənar qalib.

 

2 mövsümlük fasilədən sonra mükafatsız qalmaq təhlükəsi ilə üz-üzə qalan “Azəryol” “Azərreyl”ə uduzarsa, 2009/2010 və 2011/2012 mövsümündəki uğursuzluğu yaşayacaq.

 

“Rabitə” isə çempion olarsa, rekordunu yeniləməklə, Azərbaycanda hələ də rəqib tanımadığın növbəti dəfə sübuta yetirəcək.

 

Qeyd edək ki, final mərhələsinin oyunları sabah başlayacaq.