“Bakıdakı şərait optimaldı. Biz “Azəryol” sahib olduğu Voleybol Mərkəzində qalırıq. Bura trenajor zalına da yaxındı. Bu üzdən hazırlıq baxımından heç bir problem yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Sloveniya millisinin baş məşqçisi Bruno Naydiç deyib.
Mayın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq balkanlılar Voleybol Mərkəzində hazırlığa start verib. Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Fransa ilə üz-üzə gələcək sloveniyalılar məşqlərini məhz ölkəmizdə bitirəcəklər.
Komandanın çalışdırıcısı Naydiç bildirib ki, pley-off mərhələsi üçün heyət Azərbaycan millisi ilə keçirəcəkləri qarşılaşmalardan sonra tam dəqiqləşəcək: “Gündə 2 dəfə məşq edirik. Meydan sahibləri ilə 3 yoxlama oyunu barədə razılıq əldə etmişik. Bu matçlarda Fransadakı ilk qarşılaşma üçün əsas heyəti müəyyənləşdirəcəyik. Azərbaycan Voleybol Federasiyası bizim üçün hər bir şərait yaradıb. İstədiyimiz vaxt məşq edə bilərik. Trenajor və fitness məşqlərimiz də istədiyimiz kimi gedir. Deyə bilərəm ki, bundan yaxşı şərait ola bilməzdi”.
Qeyd edək ki, Sloveniya Azərbaycan millisi ilə ilk matçına bu gün çıxacaq.