Sabah qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsinə gedən yolda Azərbaycan çempionu “Rabitə” birinci matçını səfərdə keçirəcək.
Zoran Qayıçin yetirmələri Krasnodar “Dinamo”sunun qonağı olacaqlar. Görüş hər 2 komanda üçün vacib əhəmiyyət daşıyır. Yarışın favoritlərindən sayılan və evdə məğlubedilməz olan rəqib uğurlu seriyasını davam etdirmək arzusundadı. Ruslar, həmçinin qələbə qazanaraq, Bakıda baş tutacaq cavab oyununa üstnülüklə gəlməyi hədəfləyiblər.
Lakin Çempionlar Liqasında pley-offa yüksələ bilmədiyindən mübarizəni CEV kubokunda davam etdirən “Rabitə” nəinki bu oyunu, hətta yarışı qalib kimi başa vurmaq iddiasındadı. Zoran Qayiçin gəlişindən sonra 8 matç keçirərək, hamısında asan qələbə qazanan Bakı təmsilçisi Krasnodara da bu arzu ilə yollanıb.
Əgər “Rabitə” səfərdə rəqibini məyus edərsə, CEV kubokunda ilk dəfə final mərhələsinə çıxmaq üçün əla şans qazanacaq. Analoji yarışın bürünc mükafatçısı qalib gəlməklə “Lokomotiv” azarkeşlərini də sevindirərək, “dəmiryolçular”ın “Dinamo”dan revanşını alacaqlar.
Komandamız səfərdə uduzacağı halda belə həlledici mərhələ arzusunun üstündən xətt çəkilməyəcək. Çünki cavab oyunu martın 28-də Bakıda təşkil olunacaq və “Rabitə” burada qisas almaqla, cütün taleyini “Qızıl set”ə daşıyıb, final mərhələsinə vəsiqə qazana bilər.
CEV kubokunun digər yarımfinal oyununda isə Polşa “Atom”u Türkiyə “Qalatasaray”ını qəbul edəcək.
CEV kuboku
1/2 final, ilk oyun
20:30. “Krasnodar” (Rusiya) – “Rabitə” (Azərbaycan)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), Stefan Qrieder (İsveçrə)
Krasnodar, “Olimp” İdman Sarayı
Qeyd edək ki, “Dinamo” 1/4 finalda Bakı “Lokomotiv”inə qalib gəlib. Ruslar “Qızıl set” hesabına mərhələ adlayıblar.