“Türkiyə, İtaliya, Polşa və Rusiyada çempionat çox yüksəkdi və bu səbəbdən yaxşı komandalar formalaşdırıblar. Bu onların Çempionlar Liqasında da inamlı çıxışına əlavə stimul verəcək”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni baş məşqçisi Fransua Salvaqni deyib.
İtaliya mütəxəssis Bakı klubuna keçidinə münasibət bildirib. Onun sözlərinə görə, Əlcəzair yığmasında da işini davam etdirəcək və hər 2 komandanın uğurlu çıxışı üçün əlindən gələni edəcək: “Əlcəzair millisi ilə iyunda Afrika çempionatının gümüş medalını qazandıq. Bizi avqustda Yaponiyada keçiriləcək dünya çempionatının seçmə oyunları və Qran-pri turniri gözləyir. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. “Lokomotiv”də də güclü komanda formalaşdırmağı planlaşdırırıq. Əsas məqsəd rəqiblərimizə qarşı inamlı oynamaq və çıxış edəcəyimiz yarışda ölkəni layiqincə təmsil etməkdi. Yerli yarışda inamlı çıxış hədəfləyəcəyik. Həmçinin, Çempionlar Liqasında bacardıqca irəli gedəcəyik”.
Salvaqni komandanın təlim-məşq toplanışının da vaxtını açıqlayıb. O bildirib ki, oktyabrın 3-10-da Boloniyada hazırlıq keçəcəklər və İtaliyanın ən güclü klubları ilə yoxlama matçında güclərini yoxlayacaqlar.