Sabah qadın voleybolçular arasında Avropa Liqasına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışa ikinci dəfə qatılacaq Azərbaycan yığması bu dəfə mərhələ adlamağa çalışacaq.
B qrupunda yer alan millimiz Monteneqro, Fransa və İspaniya ilə mübarizə aparacaq. Faiq Qarayevin əsas komandaya dönüşü voleybolçularımızın lehinədi. O, ilk mərhələyə ev sahibliyi edəcək Monteneqro, həmçinin son turların oynanılacağı Fransada Şəfaqət Həbibova, Kristina Yaqubova, Aynur Kərimova, Olena Həsənova, Kseniya Poznyak, Yana Kulan (Ağayeva), Polina Rəhimova, Odina Bayramova, Marqarita Əzizova, Anastasiya Qurbanova, Ceyran Əliyeva, Valeriya Məmmədova, Oksana Kiselyova və Yekaterina Jidkovaya şans verəcək. Heyət mərhələ adlamaq baxımından kifayətdi. Çünki rəqiblərlə müqayisədə voleybolçularımızın çoxu son mövsümü Çempionlar Liqasında oynayıblar. Bu, onların mərhələ keçməsi üçün kifayət etməlidi.
Əks halda, Avropa Liqası yığmamız üçün fiasko ilə yekunlaşacaq. Buna səbəb burada əsasən ikinci komandaların yoxlanılmasıdı. Düzdü, bu ildən turnirə marağı artırmaq istəyində olan CEV dünya Qran-prisinə vəsiqə də verəcək. Lakin yarışın iştirakçısı birinci yeri tutmaqla yanaşı, mötəbər turnirin tələblərinə tam cavab verməlidi ki, FİVB-in təşkil etdiyi Qran-pridə Avropanı təmsil etsin. Belə olmazsa, çempion dünya arenasına buraxılmayacaq.
Rəqiblərə gəlincə, hamısı “dişimiz”ə görədi. Rəqib komandanın voleybolçu və məşqçiləri də millimizin favorit olduğunu açıqlayıblar. Bu səbəbdən də Faiq Qarayevin yetirmələri ən azı qrup mərhələsini adlamalıdı ki, sabah onlardan Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017-dən hansısa uğur gözləyə bilək.
Qeyd edək ki, Avropa Liqasında 3 qrupun qalibləri və ən yaxşı ikinci yerin sahibi birbaşa yarımfinala yüksələcək.
I dövrə, Monteneqro
3 iyun
19:00. Azərbaycan – Fransa
Hakimlər: Çavdar Marev (Bolqarıstan), Miryana Qaliç (Bosniya və Herseqovina)
22:00. Monteneqro – İspaniya
4 iyun
19:00. Fransa – İspaniya
22:00. Azərbaycan – Monteneqro
Hakimlər: Mixael Yanoş (Avstriya), Çavdar Marev (Bolqarıstan)
5 iyun
19:00. İspaniya – Azərbaycan
Hakimlər: Felisia Alina Sukiu (Rumıniya), Mixael Yanoş (Avstriya)
22:00. Fransa – Monteneqro
II dövrə, Fransa
10 iyun
17:00. Monteneqro – Azərbaycan
Hakimlər: Benedikt Qeukes (Almaniya), Raquel Portela (Portuqaliya)
20:00. Fransa – İspaniya
11 iyun
18:00. Azərbaycan – İspaniya
Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)
21:00. Monteneqro – Fransa
12 iyun
21:00. Azərbaycan – Fransa
Hakimlər: Benedikt Qeukes (Almaniya), Paul Herbots (Belçika)
18:00. İspaniya – Monteneqro