Qadın voleybolçular arasında Avropa Liqasının yarımfinal mərhələsinə yüksələn daha bir yığmanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qrup lideri kimi mərhələ adlayan Azərbaycan millisinə Sloveniya da qoşulub.
Onlar C qrupunu lider kimi başa vurmaqla bu hüquqa yiyələniblər. Aktivində 18 xalı olan sloveniyalılar ən yaxın izləyiciləri Yunanıstanı 6 xal qabaqlayıblar.
Digər 2 yarımfinalçı isə A qrupunun oyunları başa çatdıqdan sonra dəqiqləşəcək. Burada ilk dövrədən sonra Slovakiya 8 xalla 1-ci, ondan 2 xal geri qalan Polşa ikincidi. 3-cü pillədə qərarlaşan Belarus 3 xala malik olduğu halda, son yerdə gedən Albaniya 1 xala sevinib. Komandalar arasında növbəti oyunlar iyunun 17-19-da olacaq.
Bundan sonra A qrupunun lideri birbaşa mərhələ adlayacaq və ən yaxşı ikinci yerlər arasında seçim ediləcək. Azərbaycan yığmasının qrupunda 6 xalla bu yeri tutan İspaniyanın yarımfinal yüksəlməyəcəyini nəzərə alsaq, əsas mübarizənin digər qruplarda gedəcəyini söyləmək olar.
Qeyd edək ki, yarımfinal mərhələsi iyunun 30-da keçiriləcək.