[b]Yeganə uğurunu Azərbaycanda qazanan “ay-ulduzlu” hücumçu karyerasını bitirdi[/b]
01.08.2015 - 16:39
[b]Yeganə uğurunu Azərbaycanda qazanan “ay-ulduzlu” hücumçu karyerasını bitirdi[/b]

Türkiyə millisinin sabiq voleybolçusu Natalya Hanıkoğlu karyerasını bitirib. Apasport.az xəbər verir ki, bu bərədə qonşu ölkə mətbuatına Rusiya əsilli hücumçunun özü verib.

 

1998-ci ildən Türkiyə vətəndaşlığını qəbul edən və 2000-2006-cı illərdə “ay-ulduzlu” formanı geyinən 40 yaşlı oyunçu bildirib ki, artıq meydandan getməyin, yerini gənclərə verməyin vaxtıdı.

 

1994-1997-ci illərdə Rusiya millisinin də şərəfini qorumuş Hanıkoğlu 2010/2011 mövsümündə Azərbaycanda oynayıb. O, Super Liqada fərqlənməsə də, Bakı klubu ilə “Çelenc Cup”ı qazanıb. Bu isə Natalyanın avrokubokda yeganə tituldu. Çünki 3 dəfə Türkiyə, 2 dəfə Rusiya çempionu olan hücumçu qitəmiqyaslı yarışlarda baş mükafata sahib olmayıb. Hanıkoğlu hərəsində bir dəfə olmaqla, Çempionlar Liqasının, CEV kubokunun və “Çelenc Cup”ın finalında uduzub.

 

Onun kolleksiyasında həmçinin, Türkiyə (3 dəfə) və Rusiya (1 dəfə) kuboku da var. Hücumçu milli komandada Rusiya ilə dünya çempionatının bürünc, Türkiyə ilə isə Avropa çempionatının gümüş medalına da yiyələnib.