[b]Yığmamızın voleybolçusu Türkiyədə qalmaqal yaratdı[/b]
17.06.2016 - 12:08
[b]Yığmamızın voleybolçusu Türkiyədə qalmaqal yaratdı[/b]

Azərbaycan millisinin üzvü Odina Bayramovanın Türkiyənin “Halkbank” klubuna transferi qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı milliləşdirilmiş voleybolçunun menecerinin “İdmanocağı” klubunu aldatdığı iddia olunur.

 

Artıq komanda rəhbərliyi bununla bağlı açıqlama da yayıb.

 

“İdmanocağı” klubundan bildirilir ki, Bayramovanın Türkiyədəki meneceri funksiyasını yerinə yetirən “ay-ulduzlular”ın sabiq kapitanı Özlem Özçelik tərəfindən aldadılıb: “Odina Bayramova bizə menecer Özlem Özçelik tərəfindən təklif olundu. Prinsipcə, “bəli” deməklə kifayətlənməyib, 01.06.2016-cı il tarixində bizə onlar tərəfindən müqavilə göndərildi. Biz də razılaşmanı imzalayaraq, qarşı tərəfə verdik. Özçelik “transfer tamamdı, Odina xeyirli olsun” kimi açıqlamalar verdi. Öncə transfer barədə məlumat verə biləcəyimizi dedi. Qarşı tərəfdən imzalı müqavilə gəlmədiyindən bunu mətbuata açıqlamadıq. Ertəsi gün voleybolçudan bununla bağlı müsbət rəy istədiyimiz zaman Özçelik “yığması ilə birgə olduğundan oyunçu ilə əlaqə saxlaya bilmirik, məşqçisi əsəbiləşir, millinin düşərgəsində transferdən danışmaq olmaz. Toplanış bitsin, sonra açıqlayaq” kimi bəhanələrlə bizi günlərlə yola verdi. Xəbəri də mətbuata biz sızdırmadıq”.

 

Açıqlamada bildirilir ki, Odinanın bir neçə gün sonra “Halkbank”la müqavilə bağladığını öyrəniblər: “Özçeliklə əlaqə saxladığımız zaman klubumuza şər atdı və alçaldıcı sözlər işlədərək, idmançının gəlməkdən imtina etdiyini dedi. Biz heç vaxt yalan danışmadı. Düzdü, sponsorlardan maliyyə gəlməklə bağlı maaş gecikmələri olub. Ancaq bu baxımdan problemimiz digər klublardan daha azdı. Bu ödəməni etmək gücümüz hər zaman var. Sadəcə, klubumuz bu transferdə menecerlərə qiymət artımında şans yaratdı. Baş verənlərin isə Bayramovanın transfer olduğu “Halkbank”la əlaqəsinin olmadığını düşünürük. Ancaq bu xəbərlər mətbuata çıxdıqdan sonra “Halkbank” rəsmilərinin hörmət əlaməti olaraq bizimlə əlaqə saxlamalarını gözləyirdik. Biz onların kapitanlarını transfer edəndə bu addımı atmışdıq”.

 

Yığmamızın oyunçusunun məxsus olduğu “Sixteen” menecerlik şirkəti isə iddialara cavab olaraq, qarşı tərəfi günahlandırıb. Onlar da yaydığı açıqlamada məsələnin tam təfərrüatlarına aydınlıq gətirib: “Bayramova Azərbaycan millisinin kapitanı olmaqla yanaşı, həm xarakter, həm də ailə tərbiyəsi baxımdan örnək idmançıdı. Az öncə müqavilə bağladığı “Halkbank”la təklifimizlə may ayından danışıqlara başlanılmışdı. Uzan sürən danışıqların müsbət yekunlaşmasında klub rəhbərliyinə də rəğbət rol oynayıb. Ancaq “İdmanocağı”nın prezidenti həyəcandan Özçelikin xəbərdarlıqlarına baxmayaraq, təktərəfli müqavilə imzalayıb, bunu mətbuata açıqlayıb. Bu, rəsmi olmayan bir məlumat idi. Çünki yığması ilə önəmli turnir öncəsi müqavilə söhbəti etmək düzgün deyildi. Bununla idmançının fikrini yayındırmış olardıq”. 

 

Menecerlik şirkəti bildirib ki, Trabzon təmsilçisi ilə bağlı bəzi araşdırmalar aparıblar və onların son 3 ayda oyunlara maaş vermədiyini aşkarlayıblar: “Bu səbəbdən FİVB-in onlara transfer qadağası qoyulduğunu, onların borcları bağlamayacağı halda anlaşdığı voleybolçularla rəsmi müqavilə imzalamayacaqlarını öyrəndik. Nəticədə seçimimizi “Halkbank”ın xeyrinə etdik. Onların bu danışıqların heç birindən xəbəri yoxdu”.

 

Qeyd edək ki, Bayramovanın öncə “İdmanocağı”na transferi ilə gündəmə gəlsə də, sonradan “Halkbank”la müqavilə bağladı.