Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunun oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
“Qəbələ” – “Sumqayıt” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub. “İnter”lə matçda 4 oyunçusu xəbərdarlıq alan “Neftçi” də eyni cəriməyə məruz qalıb. “Qarabağ”la görüşdə 4 sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” da 1000 manat ziyana düşüb.
AZAL – “Bakı” matçında yaşanan xoşagəlməz hadisənin günahkarları da cəzasını alıb. Qarşılaşmanın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan AZAL-ın futbolçusu Rəşad Abdullayev 3 oyunluq kənarlaşdırılıb. Paytaxt təmsilçisi kapitanına görə 2000 manat cərimə olunub. 69-cu dəqiqədə ikinci sarı vərəqəyə görə meydandan qovulan Jabanın cəzası isə yüngül olub. 1 matçı buraxacaq, braziliyalı klubunu 200 manat ziyana salıb.