Azərbaycan çempionatında qalib əlavə oyunda bilinəcək
12.05.2015 - 16:41
Azərbaycan çempionatında qalib əlavə oyunda bilinəcək

Kişi basketbol üzrə Azərbaycan çempionatında bürünc medalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda dueldən NTD qalib ayrılıb.

 

İlk qarşılaşmada "Baku Oilers"ı məğlub edən komanda ikinci matçdan da üstün ayrılıb – 72:66.

 

Bürünc medalçıdan fərqli, çempionu üçüncü oyun həll edəcək. Buna birinci qarşılaşmada 92:84 hesabı ilə qələbə qazanan “Qala”nın ikinci görüşdə uduzması səbəb olub. Belə ki, AzTOP-la oyunun gedişində 23 xal irəlidə olan Elxan Əliyevin yetirmələri gözlənilmədən üstünlüyü əldən veriblər. Qarşılaşmanın başa çatmasına 8 saniyə qalmış Anar Sarıyevin 3 xallıq atışı hesabda status-kvonu bərpa edib – 82:82. Nəticədə əlavə dəqiqələr oynanılıb və AzTOP 93:92 hesabı ilə qalib gəlib.

 

Final seriyasında hesab 1:1 olduğundan çempionu üçüncü qarşılaşma müəyyən edəcək.