Qadın həndbolçular arasında AvRO-2016-nın təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, oyunları Bolqarıstanda keçirilən A qrupunda çıxış edən Azərbaycan yığması ilk matçına çıxıb.
Konstantin Ruvinskinin yetirmələri Farer adaları ilə görüşüb. Millimiz gərgin keçən qarşılaşmada 29:28 hesabı ilə qalib gəlib.
Komandamızın heyətinə Marina Tankatskaya hamıdan çox – 7 qol vurub. Yana Qornak və İranə Qasımova hərəyə 4 dəfə fərqləniblər. Anna Cəfərova, Yekaterina Peçe, Marta Abbasova, İnarə Yusibova hərəyə 3, Vəfa Məmmədova və Ülviyyə Şərifova isə hərəyə 1 qola imza atıblar.
Qeyd edək ki, yığmamız bu gün Bolqarıstanla qarşılaşacaq. Meydan sahibləri Farer adalarına 31:22 hesabı ilə qalib gəldiyindən millimiz qrup birincisi olmaq üçün mütləq qalib gəlməlidi. Çünki seçmə mərhələyə yalnız qrup qalibi vəsiqə əldə edəcək.