“Beşiktaş”dan ayrılan Slaven Biliçin yeni komandasının adı rəsmən bəlli olub. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı məşqçi İngiltərənin “Vest Hem” klubu ilə müqavilə bağlayıb.
Razılaşmaya əsasən, Biliç 2018-ci ilin yayına qədər Premyer Liqa təmsilçisini çalışdıracaq. Məlumatı “Vest Hem”in rəsmi saytı da təsdiqləyib.
“Vest Hem” Biliç üçün yad klub deyil. Belə ki, 46 yaşlı çalışdırıcı 1996-1997 mövsümündə futbolçu kimi “sağsağanlar”ın şərəfini qoruyub.
Qeyd edək ki, məşqçilik karyerasına 2001-ci ildə “Hayduk”da başlayan Biliç “Beşiktaş”dan öncə “Lokomotiv” (Rusiya) klubunu, həmçinin Xorvatiyanın əsas və U-21 yığmalarını çalışdırıb.